COVİD-19 pandemiyası dövründə ən çox məşhurlaşan proqramlardan biri də Zoom platforması idi. Bu dövr ərzində təhsil, biznes və digər sahələrlə bağlı görüş və seminarların bir çoxu məhz bu platformanın köməkliyi ilə həyata keçirilirdi. Son günlər pandemiyanın təsirləri azalsa da Zoom platforması hələ də öz aktuallığını saxlayır. Zoomun hələ də aktual olaraq qalmasının bir sıra səbəbləri var. Hər şeydən əvvəl pandemiya dövrü onlayn görüşləri bizim üçün daha sıradan etdi. Əlavə olaraq seminarların da virtual aləmə keçidi Zoom kimi tətbiqlərin yolunu daha da açdı. Bu tətbiq artıq uzun zamandır həyatımızda olsa da, Zoomla bağlı hələdə bir sıra suallar var. Xüsusilə, vebinarlarla yeni tanış olan insanların ən çox verdiyi suallardan biri bu platformada onlayn seminarların necə təşkil olunduğu ilə bağlıdır. Siz də bu suala cavab tapmaq istəyirsinizsə, tam olaraq doğru yerdəsiniz. Bu bloqda Zoom və vebinarlarla bağlı bir çox sualınıza cavab tapacaqsınız.
Zoom platformasının yaranma tarixi
Bir çoxları bu platformanın pandemiyadan sonra yaradıldığını düşünsə də, əslində platformanın yaranma tarixi 2011-ci ilə təsadüf edir. Tətbiq, Cisco Systems ve WebEx şirkətləri tərəfindən yaradılmışdır. Platformanın tam fəaliyyətə keçməsi isə 2013-cü ildə olmuşdur. 2013-cü ildən çox qısa bir müddət sonra Zoom geniş marağa səbəb oldu və 2014-cü ildə bir milyon istifadəçi sayına çatdı. Əlbəttə ki, bu uğurda ən çox rolu olan şəxslərdən biri də Eric Yuandır. Eric Yuan platformanın yaradıcılarından biridir və tətbiqin böyük auditoriyalara çatmasında əvəzsiz rola sahibdir. Hal-hazırda tətbiqin 300 milyondan çox istifadəçisi var.
Bəs Zoom nə üçündür? Zoom, telefon, planşet, komputer, laptop, qısaca internetə çıxışı olan bütün cihazlardan onlayn görüş və seminarlara qatılmağınıza şərait yaradan bir platformadır. Bu proqram video konfrasdan başqa, audio konfrans, telefon sistemi, söhbət xüsusiyyətlərinə də sahibdir.
Tətbiqi necə əldə edə bilərəm?
Əgər tətbiqin komputer və ya laptop versiyasını istifadə etmək istəyirsinizsə, Zoom proqramını rəsmi saytdan yükləyə bilərsiniz. Proqramı köçürmək üçün hər hansı bir ödəniş etməyinizə ehtiyac yoxdur. Mobil cihazlar üçün isə istifadə etdiyiniz əməliyyat sistemindən asılı olaraq Play Store və ya App Store-dan yükləyə bilərsiniz. Zoomun telefon versiyası da tamamilə ödənişsiz yüklənə bilir. Daha sonra isə proqramda qeydiyyatdan keçməli olacaqsınız.
Zoom platforması ilə vebinar
Zoom, vebinar lisenziyanızın növündən asılı olaraq, 50000 iştirakçıya qədər Zoom görüşü təşkil etməyinizə imkan verir. Ən aşağı Zoom lisenziyası 500 nəfərə qədər insanın qatılmasına şərait yaradır. Zoom lisenziyası necə əldə olunur? Bunun üçün hesabınızda olan faktura bölməsinə daxil olmalısınız. Bu lisenziyalar arasında ən aşağı qiymət 79 dollardır ki, bu lisenziya ilə sizin onlayn seminarınıza 500 nəfər qatıla bilər və siz bir ay müddətində istədiyiniz qədər onlayn seminar təşkil edə bilərsiniz. Bundan başqa qatılan insanların siyahısı, ödəniş sistemi və digər xüsusiyyətlər də siz üçün əl çatan olacaqdır. 10000 insanın qatıla biləcəyi vabinarlar keçirmək üçün aylıq 6490 dollar pul ödəməlisiniz. On mindən daha çox insanın qatılcağı bir vebinar təşkil etmək istədikdə isə Zoomun satış şöbəsi ilə əlaqəyə keçməlisiniz.
Təşkilatçı olaraq siz ekran, audio ve fayl paylaşımı edə bilərsiniz. Vebinara qoşulan şəxslər isə mesaj qutusundan və ya vebinar təşkilatçısının aktiv etdiyi digər özəlliklərdən istifadə edə bilərlər. Əlavə olaraq, Zoom meetingsdə olduğu kimi ekran qeydi də ala bilərsiniz.
Vebinar üçün qeydiyyat
Onlayn seminara qatılmaq istəyən şəxslər əvvəlcə qeydiyyat prosesindən keçməli ola bilər. Siz bu qeydiyyat mərhələsinə özünüz nəzarət edə və ya bunu Zoomun öhtəliyinə buraxa bilərsiniz. Əgər qeydiyyat kimi prosedurlara vaxt ayırmaq istəmirsinizsə, sadəcə olaraq suallar hissəsi hazırlayırsınız. Vebinara qoşulmaq istəyən insanlar da bu suallar cavab verərək, qeydiyyatlarını tamamlayır. Qeydiyyat mərhələsinin hazırlanması xüsusi diqqət tələb edir. Çünki burada verdiyiniz suallar və əldə etdiyiniz məlumatlar sizin auditoriya ilə ilk tanışlığınız olacaq və daha sonra təqdimat hazırlayarkən bu biliklər sizə yardımçı olacaq.
Zoom vebinarına qoşulmaq
Onlayn seminara dəvət və qeydiyyat prosesi vebinarın keçiriləcəyi tarixdən bir neçə həftə əvvəl baçlayır. Qeydiyyat mərhələsini tamamlayan şəxslər burada əlaqə üçün mobil telefon və mail ünvanlarını da qeyd edirlər. Vebinarın keçirilməsinə bir neçə gün qalmış bu mail ünvanına onlayn seminara qoşulmaq üçün lazım olan məlumatlar göndərilir. Qeydiyyatı uğurla tamamlayan şəxslər həm xüsusi link, həm də id və kod vasitəsi ilə vebinara qoşula bilərlər. Vebinarda iştirak etmək istəyən şəxslərin təqdimatın başlamağına 15-20 dəqiqə qalmış onlayn olmaları daha məqsədə uyğun olacaqdır.
Zoom vebinarın vəd etdiyi özəlliklər
Zoom tətbiqinin bu qədər çox rəğbət görməsinin səbəbi sahib olduğu müsbət və istifadəçi dostu özəllikləridir. İlk növbədə siz hd video təqdimatlar etmək fürsəti əldə edirsiniz. Sirr deyil ki, təqdimat zamanı görüntü keyfiyyətinin də yaxşı olması böyük önəmə sahibdir. Zoom tətbiqi də hd video keyfiyyəti ilə görüntü ilə bağlı hər hansı bir problemin yaranmağına ehtimal buraxmır. Digər bir müsbət xüsusiyyət isə izləyici kvotası ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu tətbiq eyni anda 50000-dən çox insanın qatılmasına şərait yaradır. Bu isə bir çox rəqib ilə müqayisədə çox böyük bir rəqəmdir. Bu özəllik xüsusilə də böyük şirkətlər üçün əla fürsətdir. Zoomun sahib olduğu ən vacib xüsusiyyətlərdən biri də harada olmağınızdan asılı olmayaraq sizə mükəmməl bir təqdimat mühiti yaratmasıdır. Arxa plan, virtual studiya və arxa plan səs bloklayıcı kimi özəllikləri ilə kənar amillərdən təsirlənmədən, rahat şəkildə öz təqdimatınızı keçirə bilərsiniz.
Zoom meetings və Zoom webinar arasında fərqlər
Daha əvvəl də qeyd etdiyimiz kimi Zoom tətbiqi yalnız vebinarların təşkili üçün yox, həm də onlayn görüşlər üçün də istifadə olunan bir platformadır. Amma, bu özəlliklər bir-birindən fərqli özəlliklərə sahibdir. Əvvəlcə Zoom meetings haqqında danışaq. Zoom meetings 100 nəfərə qədər şəxsin 40 dəqiqə kimi bir müddətdə ödənişsiz formada onlayn görüş keçirməsinə imkan yaradan platformadır. Maksimum olaraq isə 1000 nəfər eyni anda Zoom vasitəsilə onlayn görüşə qoşula bilər. Əlbəttə ki, bunun üçün müəyyən qədər ödəniş də etməlisiniz. Həmçinin Zoom meeting proqramını istifadə etməkdə məqsəd birdən çox insanla eyni anda müzakirələr etməkdir. Digər tərəfdən Zoom webinar isə daha çox böyük auditoriyalar üçün planlanan bir platformadır. Vebinarlar üçün nəzərdə tutulan tətbiq iştirakçı sayından asılı olmayaraq ödənişlidir. Ödənişsiz formada yalnız demo versiyadan istifadə edə bilərsiniz. Zoom webinarın bir digər fərqi isə ondadır ki, bu platforma vebinarlar üçün nəzərdə tutulduğundan burada adətən bir neçə şəxs danışır. Son olaraq qeyd etmək istədiyim fərq isə platformaları istifadə edən qruplarla bağlıdır. Zoom meetings daha çox kiçik qruplar, tələblər tərəfindən istifadə olunduğu halda, Zoom webinar daha çox böyük şirkətlər, qurumlar tərəfindən istifadə olunur.
Zoom meetings vasitəsilə vebinar
Əgər Zoom webinar sizin üçün əlçatan deyilsə və ya auditoriyanız kiçikdirsə, Zoom meetings tətbiqini də istifadə edə bilərsiniz. Mənfi tərəfi ondadır ki, əgər heç bir abonəliyiniz yoxdursa, vebinar müddətiniz maksimum 40 dəqiqə olacaq. Ancaq, bu tip planı olanlara bizim məsləhətimiz tətbiqə abonə olmaqdır. Çünki vebinar müddəti bəzən 40 dəqiqədən daha uzun çəkə bilər və onlayn seminar yarıda qala bilər. Əlavə olaraq Zoom meetings platformasının paketlkəri də daha uyğun qiymətlərə sahibdir və 15 dollardan başlayır. Onu da qeyd etməliyik ki, bu platformadan istifadə etdikdə bütün proseduru idarə etmək də sizin öhdəliyinizə qalır. Bir sözlə, onlayn seminara dəvət, qeydiyyat, ödənişlərin alınması kimi mərhələlərlə də özünüz məşğul olmalı olacaqsınız. Bu üsulun böyük auditoriyaya sahib olmayan, ilk vebinarlarını keçirən şəxslər üçün daha uyğun olduğunu deyə bilərik.
Vebinar üçün təqdimatın hazırlanması
Təqdimatınızı hansı platformada edəcəyinizdən asılı olmayaraq, təqdimat hazırlayarkən bəzi nüanslara fikir verməlisiniz. Bu nüanslar izləyicilərin sıxılmaması və sizin uğurla bir vebinar keçirnməyiniz üçün çox vacibdir. Hər şeydən əvvəl, təqdimatınız üçün bir plan hazırlamalı və hansı mövzular haqqında danışacağınıza qərar verməlisiniz. Mövzu haqqında danışarkən mümkün olduğu qədər təbii və başa düşülən olmalısınız. Bu vebinara qatılan insanların sıxılmaması və mövzunu anlaya bilməsi üçün vacibdir. İkincisi, slaytlarınızda şəkil və qrafiklərə yer verməyə cəhd göstərməlisiniz. Uzun-uzun cümlələr yerinə bir qrafik, çəkil və cədvəl görmək insanlara daha çox xoş gələcəkdir. Slaytlardakı rəng və yazı ölçüləri də böyük önəmə sahibdir. Uğursuz rəng və yazı seçimi gözə xoş gəlmədiyi kimi yazılan məlumatları oxumağı da çətinləşdirir. Buna görə də ziddiyyət təşkil edən rənglərdən istifadə etməyə çalışın. Yazı ölçülərinin isə ən az 12-14 olmasına diqqət yetirin. Yazı ilə bağlı digər vacib amil isə cümlələrin sayı ilə bağlıdır. Həddindən artıq cümlə yazmaqdan qaçın. Əgər mümkündürsə, yalnız açar sözlər qeyd etməklə kifayətlənin. Təqdimat hazırlayarkən effektlərdən istifadə etməliyəm? Əlbəttə ki, hər hansı müxtəlif effektlərdən öz slaytlarınızda istifadə edə bilərsiniz, ancaq müəyyən limit daxilində. Unutmayın ki, həddindən artıq istifadə olunan hər şey insanları yorur. Bundan başqa, istifadə olunan effektlərin bir neçə saniyədən çox davam etməməsinə də fikir verin.
Vebinarın tanıdılması
Son olaraq onlayn seminarın tanıdılması ilə bağlı danışmaq istəyirəm. Bəli, vebinarlar böyük auditoriyalar çatıb, ancaq bu insanların hər bir vebinar haqqında anında məlumatı olmur. Ona görə də siz o insanların sizin vebinarınız haqqında eşitməsinə, maraqlanmasına nail olmalısınız. Bunun üçün isə bir çox yollar var. İlk növbədə sosial şəbəkələrdən istifadə edə bilərsiniz. Demək olar ki, hər kəs bir və ya bir neçə sosial şəbəkədə hesaba sahibdir və vaxtının böyük bir qismini də məhz burada keçirir. Siz də uyğun səhifələrdə paylaşım edərək və vebinarınız üçün maraqlı bir qısa təqdimat yazaraq bu insanları öz onlayn seminarınıza çəkə bilərsiniz. Təqdimatınızı yazılı olduğu kimi video formatında da edə bilərsiniz. Heç şübhəsiz bu daha təsirli bir yol olacaqdır. Bunu bir növ qısa icmal kimi də düşünə bilərsiniz. 30-60 saniyəlik qısa təqdimat yetərli olacaqdır. Burada diqqət etməli olduğunuz əsas məsələ insanları maraqlandıran bəzi sualları video zamanı səsləndirməkdir. Bu dərhal onların diqqətini çəkəcəkdir. Bundan başqa Linkedin kimi saytlardan da istifadə edə bilərsiniz. Bunun üçün bir Linkedin hesabı açın, əlaqə sayınızı artırın, profilinizi tamamlayın və vebinarızla bağlı paylaşımlar etməyə paylaşın. Linkedinin daha profesional bir sayt olması tanıtım prosesinin uğur gətirəcəyini deməyimizə əsas verir. Vebinar təqdimatı üçün ən çox istifadə olunan bir digər üsul isə bloqların yazılmasıdır. Bu məqsədlə həm özünüz bir bloq hesabı aça bilərsiniz, həm də izləyici sayı çox olan bir bloqda vebinarınızla bağlı reklam verə bilərsiniz.