Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Vebinar Üçün İdeal Təqdimat Necə Hazırlanır?

22 oktyabr 2021 700 Baxış
Vebinar üçün ideal təqdimat necə hazırlanır

İdeal vebinar təqdimatı necə hazırlanmalıdır? Vebinarlarla bağlı ən çox soruşulan suallardan biri də məhz budur. Bildiyiniz kimi hal-hazırda bir çox fərqli vebinar platforması var və bu platformalarda hər gün onlarla onlayn seminar keçirilir. Bu seminarlar fərqli mövzularla bağlı olsa da, onları birləşdirən bəzi cəhətlər də var. Bu cəhətlər izləyicilərin vebinardan razı qalması üçün vacibdir. Ümumiyyətlə vebinara hazırlaşan hər bir şəxs müəyyən müddət əvvəl planını hazırlamalı və istər vəbinardan əvvəl, istər vebinar əsnasında, istərsə də sonra bu plana sadiq qalmağa çalışmalıdır. Belə olan halda, həmin şəxs heç bir çətinlik çəkmədən idəal bir onlayn seminar təşkil edə bilər. Bugünkü blogda, bir neçə maddədə bu suala cavab verəməyə çalışacam və vebinarlarla bağlı bilməli olduğunuz bir sıra başqa nüanslara da toxunacam.


Təqdimat mövzusu seçimi


Vebinarda keçirmək istəyən şəxs əvvəlcə mövzu seçimi etməlidir. İstənilən sahə, peşə və mövzu ilə bağlı onlayn seminar təqdimatı hazırlaya bilərsiniz. Bu tam olaraq sizin seçiminizə buraxılan bir şeydir. Sadəcə olaraq mövzu seçərkən kifayət qədər araştırma etməli və mövzunuzun bağlı olduğu sahədəki problemlərlə yaxından tanış olmalısınız. Bu sahədə insanları ən çox maraqlandıran detallar hansılardır, hansı suallar cavabsız qalır, və,s. Bu tip dəqiq atışlar edərək daha çox insanı öz vebinarınıza çəkə bilərsiniz. Çünki insalar onlayn seminarlara təkrar bilik üçün gəlmirlər. Yeni məlumatlar əldə etməyə, onları narahat edən suallara cavab tapmağa və ən əsası sizin təcrübələrindən yararlanmağa gəlirlər. Ona görə də hazırlayacağınız onlayn seminar mövzusuna çox yaxşı hazırlaşmalı və sizə verilə biləcək suallara hazır olmalısınız.


Auditoriya amili 


Təqdimat mövzusunu seçərkən və təqdimatınızı hazırlayarkən çıxış edəcəyiniz auditoriyanı da nəzərə almalısınız. Təqdimat üçün qeydiyyat bir neçə həftə əvvəlcədən başladığı üçün vebinara qoşulacaq insanların yaş və peşələri haqqında məlumata sahib olacaqsınız. Onlayn seminardakı çıxışınızı hazırlayarkən də bu amilləri nəzərə almağınız həm sizin, həm də auditoriyanız üçün müsbət amil olacaqdır. 


Təqdimat səhifələri arasında əlaqə


Hazırladığınız təqdimatın səhifələri arasında əlaqəyə və ardıcıllığa fikir verməlisiniz. Hər hansı bir ardıcıllıqla gedən mövzunu izləyiciləriniz daha rahat anlayacaq. Əks halda, bu qanunauyğunluğa riayət etməsəniz, auditoriyanızda çaşqınlıq yarana bilər. Hazırladığınız təqdimatda belə bir porblem olub olmadığını təyin etmək üçün bir neçə şəxsə öz təqdimatınızı göstərin. Bəlkə sizin gözünüzdən qaçan detalları digərləri görə bilər. Bu sıralamanı daha rahat etmək üçün təqdimat planı hazırlaya bilərsiniz (təqdimat mündəricatı). Burada hansı mövzular haqqında danışacağınızı qəyd edə və daha sonra bu plana sadiq qalaraq, təqdimatınızı hazırlaya bilərsiniz. Bu təkcə vebinar zamanı yox, vebinara hazırlıq zamanı da işləri sizin üçün asanlaşdıracaq.


Başlıqlar önəmlidir


Mövzu üçün seçilən başlıqdan başqa, alt başlıqlara da fikir verməliniz. Bu başlıqlar auditoriyaya hansı məlumatlar alacağı haqqında qısa məlumat verməli və rahat başa düşülən olmalıdır. Alt başlıqların üçün bacardığınız qədər qısa adlar seçin. Bu daha yadda qalan və diqqət çəkici olacaqdır. Uzun adlara bir çox vebinar iştirakçısının diqqət etməyəcəyindən əmin ola bilərsiniz. Belə olan halda da onlayn seminarınızı izləyən şəxsin diqqəti yayınacaq və həmin şəxs vebinara fokuslana bilməyəcək.


Söz və şəkil balansı yaradın


Təqdimatınızın ancaq söz yığınından ibarət olmasına icazə vermək olmaz. Təqdimat hazırlayarkən mütləq qrafik və şəkillərdən istifadə etməlisiz. Bu iki formada sizə fayda gətirəcək. Əvvəla bu şəkil və qrafiklər sahəsində uzun cümlələr yazmağınıza ehtiyac qalmayacaq. Bir qrafik və ya şəkillə 5-6 cümlədən ibarət olacaq bir abzası asanlıqla ifadə edə bilərsiniz. Digər bir fayda isə auditoriya ilə bağlıdır. Uzun cümlələr görmək insanları yorur və bu yazılanları anlamaq insanlar üçün çətin gəlir. Çünki həm sizə qulaq, həm də orada yazılanları oxumaq o qədər də asan deyil. Şəkil və qrafiklərdən istifadə olunduğu zaman isə iştirakçı bir baxışda belə sizin başa saldığınız mövzu ilə tanış ola bilir. Bir sözlə, bu həm izləyicilər, həm də sizin üçün komfortlu bir şərait yaradır. Ancaq başlıqda da yazdığımız kimi burada bir balans olmalıdır. Yəni, ancaq şəkillərdən ibarət bir təqdimat hazırlamaq da doğru deyil. Şəkli ya yazının solunda ya da sağında göstərməyiniz tam uyğun olacaqdır. Əgər hazırladığınız qrafik və ya şəkil uzundursa, onu yazının altında qeyd etməyiniz gözə daha xoş gələr.\


Arxa fon (background)

Təqdimat hazırlayarkən arxa fona da diqqət etməlisiniz. Fon və yazı rəngi ziddiyət təşkil etməlidir. Əks halda təqdimatı izləyən şəxslər üçün yazıları anlamaq çox çətin olacaqdır. Misal üçün arxa fon olaraq mavi rən seçmisinizsə, mətni sarı rənglə yaza bilərsiniz. Əgər arxa fondakı mavi rəng parlaqdırsa, tünd rənglərdən istifadə edərək sözləri daha oxunaqlı edə bilərsiniz. Ən çox istifadə olunan arxa fon rənglərindən biri də ağ rəngdir. Ağ fon üzərinə mətnlərinizi qara ilə yazmağınız uyğun olacaqdır. Ağ rəng bəzilərinə çox sadə gələ bilər, amma bu rəng şəkil və qrafiklər əlavə edilməsi üçün daha uyğundur. Bundan başqa, arxa fon üçün müxtəlif dizaynda olan şəkillərdən da istifadə edə bilərsiniz. Misal üçün təqdimat mövzunuz kimya sahəsi ilə bağlıdırsa, arxa fonda kimyəvi maddələr, elementlər, laboratoriya cihazları və,s ola bilər. Bu tip şəkillər seçərkən də yazı ilə ziddiyət təşkil etməsinə diqqət yetirmək lazımdır. Bundan başqa təqdimat səhifənizi iki yerə də bölə bilərsiniz. Sol tərəfdə ağ fon üzərinə yazı yaza və sağ tərəfdə ağ fona sahib bir şəkil yerləşdirə bilərsiniz. Əlavə olaraq, öz kreativliyinizi işə salaraq, fərqli kombinasiyalar da hazırlaya bilərsiniz. 


Yazılı və şifahi təqdimat 


Bir çox insanın təqdimat zamanı buraxdığı səhvlərdən biri də danışacağı bütün məlumatların mətn hissəsində qeyd olunmasıdır. Nəzərə almaq lazımdır ki, mətn hissəsində açar sözlərdən istifadə olunmalıdır, uzun cümlələrdən yox. Əgər danışacağınız hər mövzunu təqdimatda yazılı formada qeyd etsəniz, bu həddindən artıq söz sıxlığına səbəb olacaqdır. Həmçinin bu tip təqdimat insanlar üçün də sıxıcı olacaqdır. Tudat ki, mövzunuz neft sahəsi ilə bağlıdır. Bu zaman giriş məlumatlarının hamısının yazılmasına ehtiyac yoxdur. Bunun əvəzinə, haqqında danışacağınız mövzuları qısa başlıqlar, açar sözlər şəklində qeyd etməyiniz daha məqsədə uyğun olacaqdır. Misal olaraq: Azərbaycanda neft sektoru, 20 əsrin müqaviləsi, və,s. 


Effektlər


Təqdimatınıza müxtəlif keçid və açılış effektləri də əlavə edə bilərsiniz. Power Point və digər təqdimat hazırlama proqramlarının bir çoxu bu tip effektlərdən pulsuz istifadəyə imkan yaradır. Amma, bunlardan istifadə edərkən də müəyyən balans yaratmaq lazımdır. Həddindən artıq effektin olması bir yerdən sonra sizi izləyən insanların sıxılmasına səbəb olacaqdır. Əgər keçidlər üçün effektlərdən istifadə etmisinizsə, hər slaytın içində də effektlərin olmasına ehtiyac yoxdur. Bunu bir neçə slaytdan bir etməyiniz kifayət edəcəkdir. Effektlərlə bağlı digər bir məsələ isə onların davam etmə müddətidir. İstifadə etdiyiniz effekt maksimum 3-5 saniyə davam etməlidir. Bu müddət hansı tip effektdən istifadə etdiyinizə bağlı olaraq dəyişə bilər. 


2/4/8 qaydasını tətbiq edin


Təqdimat hazırlayan bir çox şəxsin istifadə etdiyi qaydalardan biri də 2/4/8 qaydasıdır. 2/4/8 qaydası nədir? Bu qaydanı anlamaq üçün hər bir rəqəmin anlamını ayrı ayrıldıqda qeyd edək. Buradaki 2 hər bir slaytın ən az iki dəqiqə davam etməlidi olduğunu göstərir. 4- hər bir slaytda ən az dörd maddəyə yer verməli olduğunuzu bildirir. Sondakı 8 rəqəmi isə hər maddədə ən azı 8 söz yazmalı olduğunuzu simvolizə edir. Bu qaydanın tətbiq olunduğu bir çox uğurlu təqdimatın olması qaydanın təsirli olduğunu deməyimizə şərait yaradır. Siz də uğurlu bir vebinar üçün bu qaydanı öz təqdimatınızda tətbiq edə bilərsiniz. 


Təqdimat müddəti 


Vebinar üçün hazırlanan təqdimatın davam etmə müddəti də ideal bir təqdimat hazırlamaq istəyənlərin diqqət etməli olduğu nüanslardan biridir. Ödənişli vebinar platformalarından istifadə edərkən adətən hər hansı bir vaxt limiti qoyulmur, ancaq siz özünüz buna nəzarət etməlisiniz. İdeal bir vebinar nə qədər davam etməlidir? İdeal bir onlayn seminar üçün 30-60 dəqiqə kifayət edəcəkdir. Saatlarla davam edən onlayn seminarların effektiv olmadığı mövzusunda bir çox insan razılaşır. Çünki, vebinarınıza qoşulan şəxslər gündəlik həyatlarında da müxtəlif işlərlə məşğul olurlar və fasiləsiz olaraq bir neçə saat təqdimat izləmək bir çox insan üçün dözülməz olacadır. Ümümumiyyətlə onu da qeyd edə bilərik ki, təqdimat mövzusundan aslı olmayaraq əgər yaxşı bir planlama aparılıbsa, 60 dəqiqə zaman sizin üçün yetərli olacaqdır. Zamanı idarə etməkdə çətinlik çəkənlər isə ya yenidən bir planlama etməli ya da praktika etməlidir. Bunlar da heç bir fayda etmirsə, təqdimatınızı iki hissəyə ayıra bilərsiniz. İlk vebinarınızdan razı qalan şəxslərin ikinci vebinara da qatılacağına şübhə yoxdur. 


Sual-cavab hissəsi 


Hər bir vebinara daxil edilməli olan hissərlədən biri də sual cavab hissəsidir. Vebinarın sonunda sizi dinləyən insanların beynində bəzi suallar yarana bilər. Təqdimat müddətində bu sulları vermək üçün hər hansı bir şərait olmadığından təqdimatın sonunda buna müəyyən qədər zaman ayırmağınız məqsədə uyğun olacaqdır. Bu hissənin 15-20 dəqidə davam etməsi yetərli olacaqdır. Sual cavab hissəsini müxtəlif formalarda təşkil edə bilərsiniz. Bu yollardan birincisi hər bir vebinar iştirakçısına səsli formada sualını vermək şansı yaratmaqdır. Bu zaman qarşıqlıq olmaması üçün digər iştirakçıların mikrofonları bağlı olmalıdır. Digər bir üsul isə bütün sualların mesaj hissəsinə qeyd olunması və təqdimat keçirən şəxsin bu suallara sıra ilə cavab verməsidir. Sual cavabın ikinci tip təşkil forması zaman idarəsi baxımından daha faydalı ola bilər. Siz sualların yazılması üçün iştirakçılara 5 dəqiqə vaxt verə bilər və daha sonra 10-15 dəqiqə müddətində bütün sullara cavab verməyə çalışa bilərsiniz. Bu tipin üstün cəhəti ondadır ki, idarə sizin əlinizdə olur. Birinci növdə isə bəzi seminar iştirakçıları sullarını daha çox vaxt aparacaq şəkildə verə bilər. 


Geyim və jestlər


Son olaraq toxunmaq istədiyim mövzu geyim və jestlərlə bağlıdır. Yuxarıda yazılan punktlara əsasən təqdimatızı hazırladıqdan sonra, çıxış üçün də hazırlaşmalısınız. Bu zaman təqdimata uyğun bir geyimdən istifadə etmək çox önəmlidir. Geyiminizin həddindən artıq rəsmi olması önəmli deyil. Sadəcə olaraq geyiminiz vebinara önəm verdiyinizi göstərməlidir. Çıxış zamanı jest və mimikalardan da istifadə etməlisiniz. Əks halda çıxışınız robotik bir tərz alacaqdır.  Bunun da kənardan sıxıcı və yorucu görünəcəyini təxmin etmək çətin deyil. Bir sözlə, mümkün qədər təbbi görünməyə çalışmalısınız ki, sizi izləyənlər də özlərini rahat hiss etsinlər.