Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

İnteraktiv Vebinar Keçirmək Üçün Üsullar

07 oktyabr 2021 828 Baxış
interaktiv vebinar kecirmek ucun usullar

Covid-19 pandemiyası həyatımızda bir çox dəyişikliklərə səbəb oldu. Bu dəyişikliklərin bir çoxu bizim üçün neqativ olsa da, pandemiyanın bəzi müsbət təsirlərinin də olduğunu qeyd etməliyik. Bu müsbət təsirlərə misal olaraq vebinarların yayğınlaşmasını göstərə bilərik. Tam və qismən qapanmalar, insanların sağlamlıqları ilə bağlı narahat olmaları, seminar iştirakçılarının sayında kəskin düşüşə səbəb olmuşdu. Bu hal seminar iştirakçıları ilə yanaşı təşkilatçılar üçün də neqativ bir hal idi. Bu vəziyyətdən ən gözəl çıxış yolu isə vebinarları onlayn platformaya daşımaq oldu. Bəs, insanlar üçün maraqlı, interaktiv vebinar keçirmək üçün nə etməliyik? Əgər siz də bu suala cavab tapmaq istəyirsinizsə, tam olaraq doğru yerdəsiniz. 


Vebinar nədir? 

Vebinarı interaktiv etmək yolları haqqında danışmazdan əvvəl bir suala cavab verməliyik. Vebinar nə deməkdir? Qısaca onu deyə bilərik ki, vebinar onlayn seminar anlamına gəlir. Standard (üz-üzə) olan seminarlardakı kimi burada da bir çox fərqli mövzulardakı çıxışlara qulaq asa bilərsiniz. Həmçinin üz-üzə olan seminarlarda olduğu kimi iştirak etdiyiniz üçün sertifikatlar da əldə edəcəksiniz. Sadəcə olaraq bu sertifikatlar sizə onlayn formada (misal üçün mail vasitəsi ilə) göndəriləcək. Vebinar təşkilatçılarına əvvəlcədən sertifikatların verilib-verilməyəciyini soruşmağı unutmayın. Onlayn və üz-üzə seminarlar arasında bəzi bənzərliklər olsa da, fəqrlər də az deyil. Vebinarların ən üstün cəhətlərindən biri sizə evinizi tərk etmədən qoşulma imkanı verməsidir. Sirr deyil ki, bəzən seminarın keçiriləcəyi yer evimizdən uzaqda yerləşir və seminar gec saatlarda başlayır. Bu zaman da seminar bitdikdən sonra evə qayıtmaq insan üçün tam bir əziyyətə çevrilir. Nəticədə vebinarda əldə etdiyiniz məlumatlar nə qədər lazımlı və xeyirli olsa da, tıxacda itirdiyiniz vaxt və yorğunluq seminardan tam olaraq məmnun qalmağınıza imkan vermir. Vebinarlarda isə belə bir problemlə qarşılaşmayacaqsanız. Bundan başqa, bir gündə birdən çox vebinara qoşulmaq imkanı da əldə edəcəksiniz. 


İnteraktiv vebinar necə olmalıdır?

Vebinarlarla bağlı ən önəmli məsələlərdən biri də vebinarın maraqlı keçməsidir. Sizi dinləyənlər yorulmamalı və danışdıqlarınıza tam fokuslanmaldır. İzləyicilər üçün vebinarı maraqlı etməyin bir çox yolu var və vebinarı interaktiv etmək də bunlardan biridir. Bugünkü bloqumuzda vebinarı interaktiv etmənin altı yolunu sizinlə bölüşəcəm. 


İştirakçılara suallar verin 

Vebinarda çıxış edən insanların etdiyi ən vacib səhvlərdən biri də vebinarı izləyənlərə heç bir sual verməməkdir. Əlbəttə ki, vebinarın çox böyük bir qismində danışan tərəf siz olmalısınız. Amma, sizi izləyən şəxslərə bəzi kiçik və ani suallar verərək onları da mövzuya daxil edə bilərsiniz. Belə olan halda həm insanların diqqətini mövzu ətrafında toplayacaq, həm də mövzunu onlar üçün cəlbedici edəcəksiniz. Vebinarın mövzusundan asılı olmayaraq onlara bu tip interaktib suallar verə bilərsiniz:

  • Bu fikir hamıya aydın oldu? Bir və ya iki şəxsin bu tip suala cavab verməsi, digər iştirakçıları da həvəsləndirəcək. 
  • Bu vebinarda xüsusilə cavabını eşitmək istədiyiniz hər hansı sual var? 
  • Vebinarın əvvəlində tanışlıq və insanların daha rahat hiss etməsi üçün bəzi suallar verə bilərsiniz. Misal üçün: Vebinara haradan qatılırsınız? Hansı işlə məşğulsunuz?

Bu üsul vebinarı interaktiv etməyin ən sadə və təsirli yollarından biridir. Ona görə də, çıxışınız zamanı bu üsulu mütləq istifadə edin. 


Anket təşkil edin
Vebinarınızı interaktiv etmənin yollarından biri də anket təşkil etməkdir. Bu anket bir və ya iki sualdan ibarət ola bilər və izləyicilərdə anlıq olaraq sorğu cavabları ilə tanış ola bilər. Əlbəttə ki, bu sualları ani olaraq düşünə də bilərsiniz, amma vebinardan əvvəl bunları hazırlamaq sizin daha yaxşı olacaqdır. Deyək ki, vebinar mövzunuz smartfonlarla bağlıdır. Bu zaman belə bir anket təşkil edə bilərisiniz: Android yoxsa İOS, hansı əməliyyat sistemini istifadə etməyi üstün tutursunuz. Bütün iştirakçılar anketə gələn cavabları ekranlarında görə biləcək. Siz də verilən cavablardan yola çıxaraq daha çox məlumat verə biləcəksiniz. Lakin, anket zamanı sual sayının həddən artıq olmamasına fikir verin. Hər bir sorğuda bir-iki sualın olması kifayər edər. Əgər soruşmaq istədiyiniz sualların sayı çoxdursa bunu çıxışınızın müxtəlif saatlarına bölün. Misal üçün, əgər vebinar bir saat davam edəcəksə, hər biri 1-2 sualdan ibarət olmaqla 2-3 sorğu təşkil edə bilərsiniz. Anketlər arasında 10-15 dəqiqə fərq qoymağa diqqət yetirin. Çünki sual sayının həddən artıq olması da insanlara sıxıcı gələ bilər. Bütün onlayn yığıncaq proqramları ilə anket etmək mümkündür? Bu özəllik bir çox proqramda var, amma ən rahat istifadə edə biləcəklərinizdən biri ClickMeeting proqramıdır. Sizin etməli olduğunuz tək şey, vebinardan qabaq kiçik bir hazırlıq görməkdir. Ondan əmin ola bilərsiniz ki, bu çox rahat və təsirli bir üsuldur. 


Auditoriyanızı sınayın
Sorğu və anketlərdən başqa digər bir bənzər üsul da sorğu-sual təşkil etməkdir. Anketlərdə olduğu kimi burada da insanlar ani olaraq ekranlarında çıxan suallara cavab verirlər. Bu dinləyicilərə mövuzunun bir parçası kimi hiss etdirməyin ən gözəl yollarından biridir. Amma, bu tip sorğular təşkil edərkən bəzi nüansları nəzərə almalısınız. Test və sorğularda iştirak etməyi hər kəsin sevmədiyi heç də sirr deyil. Unutmayaq ki, vebinar mövzusundan asılı olaraq burada müxtəlif yaş qruplarından və peşələrdən insanlar ola bilər. Bunu nəzərə alaraq, bu test və sorğularda iştirak etməyi könüllü etməlisiniz. Əgər bu suallar sizin üçün önəmlidirsə, bəzi kiçik hədiyyələr qoyaraq insanları buna həvəsləndirə bilərsiniz. Misal üçün, sualların hamısına cavab verən şəxslərə müəyyən qədər endirim edə və ya mövzu ilə bağlı bir kitabın loterayasına bilet verə bilərsiniz. Belə olan hallda iştirakçıların bir çoxu testlərdə iştirak edəcəkdir. Nəticə də həm siz, həm də dinləyicilər vebinardan məmnun ayrılacaq. Əlavə olaraq, çıxışınızın əvvəlində insanları bununla bağlı məlumatlandırmağı da unutmayın. Onu da qeyd edim ki, nitqinizi əvvəlcədən hazırlamağınız daha yaxşı olacaqdır. Hətta hazırladığınız nitqin təsirliliyini vebinardan əvvəl tanıdığınız insanlarla da test edə bilərsiniz. Bu nüansları nəzərə alaraq və test üsulunu tətbiq edərək, vebinarınızı daha maraqlı və interaktiv edə bilərsiniz. 


Müzakirə açın 
Vebinarlar tək tərəfli mühazirə formasında olanda yox, qarşılıqlı müzakirə formasında olanda daha maraqlı olur. Buna görə də çıxışınız zamanı belə müzakirələr açmağa diqqət yetirin. Əlbəttə ki, digər üsullarda olduğu kimi burada da bəzi incə məqamları nəzərə almaq lazımdır. Müzakirə mövzularını auditoriyanızı nəzərə alaraq seçməlisiniz. Əlavə olaraq, başlatdığınız 
diskussiya mübahisə çevrilməməlidir. Buna görə də hər hansı bir iştirakçıya toxuna biləcək həssas mövzulardan uzaq durmağa diqqət edin. Bu mövzular əsasən dini, mənəvi dəyərlərlə bağlı mövzular ola bilər. Nəzərə almalı olduğunuz bir digər nüans isə müzakirələr zamanı cavab şansının sıra ilə verilməsidir. Sessiyanın nəzarəti tam olaraq sizdə olmalıdır. Bütün vebinar iştirakçılarının eyni anda danışması qarışıqlıq və səs kirliliyinə səbəb olacaqdır. Bunun qarşısını almağın ən yaxşı yolu, suala cavab verən şəxsdən başqa bütün iştirakçıların mikrofonlarınını səssizə almaqdır. Əlbəttə ki, bunu da qabaqcadan vebinar iştirakçıları ilə bölüşməlisiniz. Bunu təqdimatın əvvəlində həm yazılı, həm də səsli formada qeyd edə bilərsiniz. Bu həm sizin, həm də vebinara qatılan insanlar üçün daha yaxşı olacaq. Onu da qeyd etməliyik ki, onlayn seminara qatılan şəxslər müzakirəyə başlamağa bir qədər tərəddüt edə bilər. Bu zaman yük və məhsuliyyət yenə sizin üzərinizə düşür. Onların tam olaraq rahat hiss etməsi və müzakirələrə qoşulması üçün uyğun atmosfer yaratmalısınız. 


Təhlil və qiymətləndirmə edin
Bir çox vebinar təşkilatçısı adətən bu metodu gözardı edir, amma tam əminliklə deyə bilərəm ki, qeyd olunan digər üsullar kimi bu üsul da interaktiv vebinara gedən yolda sizə kömək ola bilər. Təhlil və qiymətləndirmə etmək dedikdə nəyi nəzərdə tuturuq? Bunun bir növ ev tapşırığı kimi olduğunu deyə bilərik. Vebinara qatılan şəxslər öz hazırladıqları işləri sizinlə paylaşır. Siz isə bu sahənin bir mütəxəssisi olaraq, onların işlərini onlayn təhlil edir və bəzi rəylər bildirirsiniz. Bu metod vebinara qatılan insanların sonda daha məmnun ayrılmasına şərait yaradacaq. Bu üsulun müsbət tərəfidir, amma bəzi mənfi məqamları da qeyd eyməliyik. Birinci məqam vaxt amili ilə bağılıdır. Nəzərə almaq lazımdır ki, vebinarda iştirak edən şəxslərin sayı bəzən 30-40 nəfərdən çox ola bilər və belə olan halda qatılan hər bir şəxsin işini təhlil etmək saatlarla vaxt ala bilər. Burada siz bəzi üsullar tətbiq edə bilərsiniz. Misal üçün işlərin bir neçə gün əvvəlcədən sizə göndərilməyi və ya hər hansı bir limitin qoyulmağı.Tutaq ki, sizin vebinarınızda 30 nəfər iştirak edəcək və bu 30 nəfərin hər birinin işinə onlayn formada baxmaq mümkün deyil. Belə olan halda, siz 30 nəfərin qatıldığı bir loteraya təşkil edə və onlar arasından beş nəfər şanslı iştirakçını seçərək, onların işlərinə baxa bilərsiniz. Seçimin ədalətli olması üçün onlayn lotereya proqramlarından istifadə edə bilərsiniz. Digər bir mənfi məqam isə bu üsulun hər bir mövzuya uyğun olmamasıdır. Bu metodun istifadə olunmasına bəzi misallar:

  • Hazırladıqları hər hansı bir qrafik dizayn nümunəsi
  • Yazdıqları hər hansı yeni romanının ilk sətri
  • Hazırladıqları veb sayt dizaynı
  • İstədikləri mövzuda bir blog yazısı
  • Bəstələdikləri bir musiqi parçası

 

İştirakçıların suallarına zaman ayırın 
Yuxarıda qeyd etdiyimiz metodlar sizə bir qədər qarışıq gəlirsə, vebinara qatılan insanların suallarına cavab vermək üçün sonda müəyyən qədər vaxt ayıra bilərsiniz. Bu da interaktiv bir vebinar keçirməyinizə yardımçı olacaqdır. Sual-cavab hissəsi üçün 15-20 dəqiqəlik bir vaxt ayırmağınız kifayət edəcəkdir. Bunu iki formada həyata keçirə bilərsiniz: səsli formada və ya mesaj bölməsindən istifadə edərək. Əgər səsli formanı tətbiq etmək istəyirsinizsə, hər bir vebinar iştirakçısına müəyyən qanunauyğunluqla söz verin. Yox, əgər mesaj bölməsindən istifədə etmək istəyirsinizsə, iştirakçılara bir neçə dəqiqə vaxt ayırın ki, vermək istədkiləri sualları qeyd etsinlər.  Daha sonra sıra ilə yazılan suallara cavab verməyə başlaya bilərsiniz. Sual və cavablar üçün nə qədər vaxt ayıracağınızı çıxışınızdan əvvəl müəyyən edin və bunu təqdimatın əvvəlində vebinara qatılan insanlara bölüşün. Unutmayın ki, insanların onlayn seminarlarda iştirak etməsinin səbəbi ümumi məlumatlar almaq deyil. Onlar qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək istədikləri üçün bu cür tədbirlərə qatılırlar və təqdimatınız zamanı paylaşılan məlumatların onlara kömək edəcəyinə ümid edirlər. Buna görə də təqdimatın sonunda onların sualları üçün müəyyən qədər zaman ayırmağınız çox önəmlidir. Unutmayın ki, bu vebinar sonuncu olmayacaq və vebinarda iştirak edən hər bir şəxs növbəti vebinarların potensial iştirakçısıdır. 
Son olaraq, ümid edirik ki, bu bloqda əldə etdiyiniz məlumatlar sizin üçün yararlı olacaq.