Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

Ödənişli Vebinar Keçirmək Üçün Nələri Bilməlisiniz?

07 oktyabr 2021 825 Baxış
Ödənişli vebinar keçirmək

Son aylar ərzində vebinarlara olan marağın kəskin sürətdə artması onlarla bağlı bir çox sualın da ortaya çıxmasına səbəb oldu. Bu suallar əsasən ilk dəfə vebinar keçirmək istəyən şəxslər tərəfindən verilir. Vebinarlarla bağlı ən çox maraqlanılan mövzulardan biri də ödənişli vebinar keçirməklə bağlıdır. Üz-üzə seminarlarda olduğu kimi bu seminarlara da qatılmaq üçün müəyyən məbləğ ödəmək lazımdır (əlbəttə ki, bəzi ödənişsiz vebinarlar da var). Bəs, ödənişli vebinarla bağlı nələri bilməliyəm? Bugünki bloqda, bu və vebinarlarla bağlı bir çox digər sualın cavabını tapa biləcəksiniz. 


Onlayn seminar və vebinar eynidir? 

Bəli, bu anlayışların hər ikisi eyni mənaya gəlir. Ümumiyyətlə, vebinar (webinar) sözünün mənası da məhz onlayn seminar deməkdir. Əslində bu termin uzun ilərdir ki, insanlara məlumdur. Ancaq,  arxada qoyduğumuz ildə yayılan pandemiya vebinar terminin daha geniş kütlələrə çatmasına səbəb oldu və bu populyarlıq hələ də davam etməkdədir. Vebinarların bu qədər uğurlu olmasının səbəbi nədir? Əslində burada birdən çox səbəb var. Hər şeydən əvvəl, mövcud vəziyyət bu tendensiya üçün əlverişli idi. Digər yandan insanlar onlayn seminarların  üz-üzə keçirilən seminarlara nəzərən daha avantajlı və rahat olduğunu gördülər. Hər şeydən əvvəl, artıq hər hansı bir seminara qatılmaq üçün saatlarla yol getmirik və vaxtımızı daha səmərəli şəkildə istifadə edə bilirik. Bu, seminara qatılmaq istəyənlərdən başqa, seminar vermək istəyən şəxslər üçün də cəlbedicidir. Onlar seminar üçün uyğun bir salon axtarmaq kimi dərddən və digər təşkilatçılıq işlərinin bir çoxundan qurtulurlar. Belə olan halda, vebinarda çıxış edəcək olan şəxs də öz təqdimatına daha rahat bir şəkildə hazırlaşmaq şansı əldə edir. 


Vebinar üçün mövzu seçimi

Onlayn seminar vermək istəyən şəxs əvvəlcə seminar üçün uyğun bir mövzu seçməlidir. Bu mövzu həm vebinar təşkilatçısının bilik çərçivəsində olmalı, həm də auditoriyanın marağına səbəb olmalıdır. Auditoriyaya uyğun mövzunu necə seçə bilərəm? Əvvəlcə onu qeyd etməliyəm ki, seminar onlayn keçiriləcəyi üçün sizin çox böyük auditoriyaya çatmaq şansınız var. Əlbəttə ki, insan sayının çox olması uyğun mövzu seçimini də çətinləşdirir. Bu problemi aradan qaldırmaq seminar mövzusunun aid olduğu sahədə çalışan şəxslər üçün nisbətən daha rahat olacaqdır. Çünki hər hansı bir sahədə kifayət qədər təcrübəyə sahib olan şəxslər həmin sahədəki problemlərə və insanları narahat edən suallara daha yaxından bələd olur. Təcrübəniz olmağına baxmayaraq yenə də problem yaşayırsınızsa, bu zaman internetdə və ya real həyatda kiçik bir araşdırma edə bilərsiniz. Öz sahənizdə çalışan insanlara fikir mübadiləsi aparmaq da onlayn seminar mövzusunun seçilməsində sizi yardımçı olacaqdır. Ən çox rəğbət görən seminarlar hansı sahə ilə bağlıdır? Təhsil, biznes və özünü inkişaf ilə bağlı olan vebinarların daha çox diqqət mərkəzində olduğunu deyə bilərik. Təhsil və özünü inkişafla bağlı olan mövzulara əsasən gənclər maraq göstərir. Əgər siz də bu mövzularla bağlı bir təqdimat etmək istəyirsinizsə, auditoriya yaşının 17-27 arasında olacağına fikir verin və təqdimatınızı hazırlayarkən bu nüansı nəzərə alın. 


Ödənişli vebinar keçirmək

Üz-üzə və onlayn seminarlar arasında bir çox fərqlər olsa da, oxşar cəhətlərin sayı heç də az deyil. Bu oxşar tərəflərdən biri də ödəniş hissəsi ilə bağlıdır. Üz-üzə olan seminarlara qatılmaq üçün olan ödənişlər adətən təşkilatçı quruma qabacadan edilirdi. Bəs, vebinarlarda bu sistem necə işləyir? Vebinarlarda da ödəniş qeydiyyat zamanı edilir. Ümumiyyətlə, vebinar təşkil etmək istəyən şəxslər aşağıdakı mərhələləri hazırlamalıdır:

Qeydiyyat formu: Vebinara qoşulmaq istəyən şəxslər burada özləri ilə bağlı bəzi mulumatları verməli və əlaqə vasitələrini qeyd etməlidir. Mail və nömrənin qeyd olunmağı çox vacibdir.
Ödənişin həyata keçirilməsi: Qeydiyyat mərhələsini bitirən şəxslər ödəniş hissəsinə keçir. Bunu bir neçə formada həyata keçirmək mümkündür: karta və ya bank hesabına ödəniş 
Mail ünvanına məktubun göndərilməsi: Yuxarıdakı iki mərhələni tamamlayan şəxslərə müraciətin uğurla başa çatdığına dair mesaj göndərilməlidir. Bu mesaj dəvət məktubu da adlana bilər. Misal üçün: Avropada təhsil adlı seminarımıza qeydiyyatınız uğurla başa çatmışdır. Təşəkkür edirik. 

Yuxarıda sadalanan mərhələlər vebinar təşkilatçılığını öz öhtəsinə götürən şəxslər üçündür. Əgər bütün bunlarla məşğul olmaq sizə qarışıq və çətin gəlirsə, vebinar xidmətləri göstərən xüsusi saytlara müraciət edə bilərsiniz. Bu tip saytlarda siz yalnız vebinarla bağlı detalları qeyd edirsiniz. Ödənişlər sayta edilir və daha sonra məbləğin sizə düşən hissəsi hesabınıza keçir. Bu metot xarici dildə seminar vermək istəyən şəxslər üçün daha faydalı olacaqdır. Bunun üçün hansı saytdan istifadə edə bilərəm? Bu tip xidmətlər təklif edən bir çox sayt var, amma onlar arasında ən çox istifadə olunanlardan biri WebinarNinja-dır. WebinarNinja ödənişlərin həyata keçirilməsi üçün Stripe ilə əməkdaşlıq edir. Stripe, PCI sertifikatlı bir auditor tərəfindən yoxlanılmış və PCI 1-ci səviyyə Servis Provayderi sertifikatına layiq görülmüşdür.  Bu onlayn ödəniş sektorunda mövcud olan ən yüksək səviyyəli sertifikatdır. Bu saytda vebinarı necə yarada bilərəm? Bunun üçün aşağıdakı mərhələləri izləməli olacaqsınız:

  1. Əvvəlcə saytda qeydiyyatdan keçməlisiniz
  2. Daha sonra mənim vebinarlarım bölməsinə gəlib, yeni vebinar yarat butonuna basmalısınız (göy rənglə qeyd olunmuşdur).
  3. Keçirmək istədiyiniz onlayn seminarın növünü seçin
  4. Vebinarla bağlı detalları qeyd edin (vebinarın adı, keçiriləcəyi tarix, başlama və bitmə vaxtı və,s)
  5. Ödənişi təyin etmək üçün Event bölməsinə daxil olun və qiyməti qeyd edin.
  6. Son olaraq isə vebinarı yarat butonunu seçin və hər şey hazırdır. 

 

Vebinar üçün nəzərdə tutulan ödəniş miqdarı

Bunun tam olaraq sizə bağlı olduğunu deyə bilərik. Əlbəttə ki, vebinar təşkilatçısı olaraq istənilən məbləği təyin edə bilərsiniz. Ancaq, ödənişin təyini zamanı nəzərə almalı olduğunuz bəzi məsələlər var. Əvvəla, ödənişin yüksək olması onlayn seminara olan marağın azalmasına səbəb ola bilər. Çünki bir çox vebinarın əsas iştirakçıları tələbələr və ya iş həyatına yeni atılan şəxslər olur. Ona görə də vebinar ödənişini təyin edərkən auditoriyanın maddi vəziyyətini zərərə almalısınız. Digər bir məsələ isə vebinar mövzusunun məzmunu ilə bağlıdır. Əgər məzmun o qədər də geniş deyilsə, qiyməti bir qədər aşağı tutmaq daha faydalı olacaqdır. Vebinar ödənişləri hansı qiymətdən başlayır? Əgər söhbət yalnız Azərbaycandakı vebinarlardan gedirsə, ödənişlərin 15-20 manatdan başladığını deyə bilərik. Əlbəttə ki, bu qiymətdən daha baha və ya ucuz olan seminarlar da tapa bilərsiniz. Qlobal arenada isə qiymətlər çox daha yüksəkdir. Bir çox vebinar qiymətinin 50-100 dollardan başladığını deyə bilərik. Buna görə də ölkəmizdə bir neçə vebinar keçirib, təcrübə yığdıqdan sonra qlobal arenaya da çıxa bilərsiniz. Belə olan hallarda yuxarıda da qeyd etdiyimiz kimi ödəniş işlərində yardımçı olan saytlara müraciət edə bilərsiniz. Vebinarınıza dünyanın dörd bir yanından qoşulacaqları üçün bütün bu ödənişləri tək başına idarə etmək bir qədər çətin və başqarışdırıcı ola bilər. 


Vebinar keçirə biləcəyiniz platformalar

Vebinar keçirmək üçün hansı proqram və ya saytdan istifadə etməliyəm? Onlayn seminarlar yalnız ölkəmizdə deyil, bütün dünyada böyük diqqət çəkməyə başlamışdır. Bu da öz növbəsində vebinar keçirə biləcəyimiz bir çox alternativin ortaya çıxmasına şərait yaratmışdır. Bu platformalar ümumi olaraq oxşar özəlliklərə sahib olsalar da, bəzi fərqli xüsusiyyətlərə da sahibdirlər. Misal üçün Zoom kimi tətbiqlər sizə vebinarı öz cihazınıza yükləmək və yenidən izləmək şansı verir, ancaq bəzi platformalarda bu özəllik yoxdur. Bundan başqa, bəzi tətbiqlər müəyyən saya qədər onlayn görüşlərin ödənişsiz təşkilinə imkan yaradır. Siz də onlayn seminar təşkil etmək istediyiniz platformu bu və digər özəllikləri təhlil edərək seçə bilərsiniz. Populyar vebinar tətbiqləri hansılardır? Ən çox rəğbət görən onlayn seminar proqramlarına aşağıdakıları misal göstərə bilərik:

  • Livestorm 
  • EverWebinar
  • ClickMeeting
  • On24
  • EasyWebinar
  • Webex
  • Zoom
  • Zoho Meeting
  • GoToWebinar
  • Livestream
  • BlueJeans
  • Google Hangouts
  • WebinarsOnAir
  • DaCast
  • WebinarNinja 
  • LiveWebinar
  • MyOwnConference 
  • BigMarker 
  • Adobe Connect 


Zoom ilə ödənişli vebinar 

Yuxarıda sadaladığımız vebinar platformaları arasında ən çox rəğbət görən şübhəsiz ki, Zoom tətbiqidir. 2011-ci ildən etibarən həyatımızda olan Zoom tətbiqi, COVİD-19 pandemiyasının yayılması ilə birlikdə daha çox məşhurlaşmağa başladı. İnsanlar bu tətbiqi yalnız vebinarlar üçün deyil, onlayn dərs, biznes iclasları və digər məqsədlər üçün də istifadə edirlər. Bəs, Zoom tətbiqi ilə ödənişli vebinarlar keçirmək mümkündür? Bəli, mümkündür və bunun birdən çox yolu var. Zoom proqramı, PayPal ilə inteqrasiyaya malikdir. Bu da sizə Zoom qeydiyyat formunun bir hissəsi olaraq vebinarlar üçün ödəniş almaq şansı yaradır. Bu xüsusiyyətdən istifadə etmək üçün bunlara sahib olmalısınız: PayPal hesabı və Zoom video vebinar planı. Proses necə işləyir? Əvvəlcə siz öz Zoom və PayPal hesablarınızı bir-birinə bağlayırsınız. Daha sonra, insanlar vebinarda qeydiyyatdan keçmək istədikdə ‘ödə və qeydiyyatını tamamla’ bölməsini görəcəklər. Bu bölməyə daxil olan şəxslər, PayPala yönləndiriləcək və ödənişlərini burada edəcəklər. Bu zaman müəyyən qədər PayPal faizi tutulduqdan sonra ödəniş sizin hesabınıza keçəcək. Bu çox asan bir metod olsa da, bəzi ölkələri və ödəniş üsullarını dəstəkləməməsi istifadəçilər üçün problem yarada bilər. Belə olan hallarda siz aşağıdakı alternativ yollardan istifadə edə bilərsiniz.

Ödəniş seçiminizi Zoom-a bir API (application programming interface) vasitəsilə bağlayıb, işlərinizi həll edə bilərsiniz. Ancaq, onu qeyd etməliyik ki, bu bir qədər çətin bir üsuldur. 
Qeydiyyat və ödənişləri almaq üçün Jotformdan istifadə edin
Eventbrite və ya Eventzilla kimi tədbiridarəetmə tətbiqlərindən istifadə edin


Vebinar keçirmək istəyən şəxs nələri mütləq etməlidir? 

Etməli olduğunuz ilk işlərdən biri vebinar planınızı hazırlamaqdır. Burada etməli olduğunuz ilk işləri mövzu seçimi ilə bağlı olan başlıq altında qeyd etmişdik. Daha sonra etməli olduğunuz onlayn seminarız üçün bir reklam kompaniyası hazırlamaqdır. Bu reklam kompaniyasına vebinarın keçiriləcəyi tarixdən bir ay əvvəl başlamaq kifayət edəcəkdir. Bu təşviq kompaniyasını aparmaqda əsas məqsəd onlayn seminar haqqında məlumatın mümkün qədər çox adama çatdırılmasıdır. Geniş bir auditoriyaya çatmaq üçün isə siz təşviq prosesinin hər mərhələsini detallarına qədər təhlil etməlisiniz. İnsanların onlayn seminarınızdan xəbərdar olması üçün sosial şəbəkələrdən, çox istifadəçiyə malik olan saytlardan, məşhur bloq səhifələrindən istifadə edə bilərsiniz. 2021-ci ilə aid olan rəqəmlər göstərir ki, Azərbaycanda 8.21 milyon internet istifaçəsi var. Bu da sizin çox böyük bir auditoriyaya çata biləcəyinizi göstərir. 

Yekun olaraq, ödənişli onlayn seminar təşkil etmək istəyən şəxslər auditoriyanın tələb və gözləntilərinə uyğun şərtlər daxilində öz planlarını qurmalıdır. Belə olan halda vebinarınızda iştirak edən hər kəs vebinardan məmnun ayrılacaq və gələcək seminarlar üçün potensial iştirakçıya çevriləcək. Ümid edirəm ki, yuxarıda verilən məlumatlar bu işdə sizə kömək olacaq.