Vebinar.az
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dil seç

İdeal Vebinar Müddəti Nə Qədər Olmalıdır?

07 oktyabr 2021 616 Baxış
ideal vebinar müddəti

Vebinarların öz effektivliyini sübut etdiyi danılmaz bir faktdır. Xüsusilə də, son ildə verbinarlar daha böyük məşhurluq qazanmışdır. Əlbəttə ki, bunu bir çox səbəblərlə əlaqələndirə bilərik. Bu səbəblər arasında ən önəmli iki səbəb texnologiyanın sürətli inkişafı və pandemiyadır. Əslində bu iki səbəbin də bir-birinə bir növ bağlı olduğunu deyə bilərik. Çünki tarix boyu texnoloji və elmi inqilablar hər hansı bir problemin öhdəsindən gəlmək üçün ortaya çıxmışdır. Bu dəfəki problem isə insanların işə, dərsə və seminarlara gedə bilməməsi idi. Bunu da həll etmək üçün atılan ən önəmli addımlardan biri üz-üzə görüşlərin, virtual aləmə keçirilməsi oldu. Sözsüz ki, vebinar və onlayn iclas kimi ifadələr pandemiyaya qədər də məlum idi və bir çox insan öz işlərini məhz evdən həll edirdi. Ancaq, vebinarların məşhurluğu heç vaxt bu qədər pik həddə çatmamışdı. Vebinarlara olan marağın artması onlarla bağlı bir çox sualın da yaranmasına səbəb olmuşdur. 
İnsanların ən çox soruşduğu suallardan biri də vebinarların müddəti ilə bağlıdır. İdeal vebinar müddəti nə qədər olmalıdır? Əgər siz də bu suala cavab tapmaq istəyirsinizsə, tam olaraq doğru yerdəsiniz. Bu bloqda, vebinarlarla bağlı sizi narahat edən bir çox sualın cavabını tapacaqsınız. 


Vebinar üçün mövzu seçimi

Ümumiyyətlə vebinar nə deməkdir? Vebinar, ingiliscə web və seminar sözlərinin birləşməsindən yaranmışdır. Bir sözlə, vebinar, onlayn seminar mənasını verir. Bloqumuzda bu ifadələrin hər ikisini istifadə edəcəyik. İndi isə gələk əsas məsələyə. Vebinar üçün mövzu seçimini necə etməliyəm? Mövzu seçimi tam olaraq sizin maraq və bilik çərçivənizdə olmalıdır. Bir sözlə, seçdiyiniz istənilən mövzuda onlayn seminar təşkil edə bilərsiniz. Önəmli olan bu seminarın maraq görməsi və vebinarda iştirak edən insanların razı qalmasıdır. Əgər vebinar üçün mövzu seçimi etməkdə çətinlik çəkirsinizsə, mövzunun aid olduğu sahə ilə bağlı geniş bir araşdırma etməlisiniz. Bu araşdırmanı aparmaqda məqsəd həmin sahə ilə bağlı olan ən önəmli problemləri tapmaqdır. Əgər daha aktual bir mövzu seçsəniz, insanları vebinara çəkməkdə də heç bir çətinlik yaşamayacaqsınız. 


Vebinara hazırlıq

Vebinar keçirmək istəyən şəxs bunun üçün bəzi hazırlıq işlərini həll etməlidir. Bu hazırlıq işləri təqdimatın hazırlanması, reklam işlərinin görülməsi kimi mərhələləri özündə ehtiva edir. Bu mərhələlərin hər biri böyük diqqət tələb edir. Əvvəlcə təqdimatın hazırlanması haqqında danışaq. Təqdimat anlaşılan və sadə bir dildə hazırlanmalıdır və vebinarda çıxış edəcək şəxsin dediyi sözlərin hər biri təqdimat mətnində yer almamalıdır. Çünki mətnin həddindən artıq böyük olması insanları yora və onlarda çıxış edən şəxsə qarşı mənfi fikrin formalaşmasına səbəb ola bilər. Çalışın ki, təqdimatda şəkil və qrafiklərə də yer verəsiniz. Belə olan halda uzun cümlələr yazmağınıza da ehtiyac qalmayacaq və siz öz fikrinizi hazırladığınız qrafik və şəkillərlə daha rahat izah edə biləcəksiniz. Onu da qeyd etməliyik ki, bu tip nümunələri anlamaq insanlara da daha maraqlı və rahat görünür. Digər bir mərhələ isə vebinarın tanıdılmasıdır. Reklam işləri vebinarın keçiriləcəyi tarixdən ən az bir ay əvvəl başlanmalı. Bir ay əvvəl bir neçə reklam hazırlamaq kifayət edirmi? Əlbəttə ki, xeyr. Bu sadəcə sizin reklam xəritənizin ilkin mərhələsidir. Bundan sonra da müəyyən mərhələlərlə xatırlatma reklamları etməlisiniz. Bunu üçün ən təsrili yol, mail ünvanlarına mesajların göndərilməsidir. 


Vebinar müddəti nə qədər olmalıdır? 

Vebinarla bağlı ən vacib məsələlərdən biri də vebinar müddətinin nə qədər olmasıdır. Ümumi olaraq deyə bilərik ki, ideal bir vebinarın 30-60 dəqiqə çəkməsi kifayət edəcəkdir. Onlayn seminarın bu müddətdən az və ya çox çəkməsi insanlarda mənfi fikir formalaşdıra bilər. Əgər onlayn seminar bir saatdan çox çəkərsə, bu insanların yorulmasına və davam edən dəqiqələrdə vebinara diqqət yetirməməsinə səbəb ola bilər. Bu isə onlayn seminarda çıxış edən şəxs üçün xoş olmayan bir hall olacaqdır. Ona görə də sizi dinləyən auditoriyanı yormamağa və daimi olaraq diqqətlərinin sizdə olmağına önəm verin. Vebinarın uzun müddət davam etməsi kimi çox qısa olması da mənfi bir halldır. Belə olan halda insanlar kifayət qədər məlumat almadıqlarını düşünə bilərlər. Xüsusilə də, onlayn seminar ödənişlidirsə, bu insanların vebinardan daha az məmnun qalmasına səbəb ola bilər. Bu kimi hallarla qarşılaşmamaq üçün müddətə diqqət yetirmək çox vacibdir. Bunun üçün nə edə bilərəm? Bunun üçün etməli olduğunuz şey vaxtı düzgün idarə etməkdir. Vaxt idarəsi kimi vərdişlər isə praktika tələb edir. Vebinardakı çıxışınıza daha öncədən hazırlaşsanız, bunu çox asanlıqla həll edə bilərsiniz. Əgər mövzu həddindən artıq genişdirsə, onu iki yerə bölə bilərsiniz. İlk vebinarınızdan məmnun ayrılan şəxslər, digər onlayn seminara da həvəslə qatılacaqdır. 


Vebinarda vaxt bölgüsü necə olmalıdır? 

Yuxarıda da qeyd etdiyim kimi onlayn seminarınızın bir saatdan çox olmaması daha yaxşı olacaqdır. Bəs, bu vaxt ərzində hansı bölgünü həyata keçirməliyəm? Ümumilikdə təqdimatınız üç hissədən ibaraət olacaq:

Giriş: Burada vebinarda çıxış edəcək şəxsləri tanıtmalı və onlar haqqında bəzi məlumatlar verməlisiniz. Misal üçün işlədikləri yer, əldə etdikləri uğurlar, hansı mövzular haqqında danışacaqları və,s. Giriş hissəsi üçün 5 dəqiqə vaxt kifayət edəcəkdir.
Mövzunun məğzi: Bu, vebinarın ən uzun müddət davam edən hissədir. Mövzunun məğzi haqqında danışarkən bütün önəmli nüanslara toxunmalı və mövzunu tam olaraq əhatə etməlisiniz. Bu hissə üçün 40-45 dəqiqə vaxt sərf etməyiniz uyğun olacaqdır.
Sual və cavab hissəsi: Vebinarın sonunda auditoriyanın suallar verməsi üçün 10-15 dəqiqə vaxt ayırmağınız yaxşı olacaqdır. Heç şübhəsiz ki, sizi dinləyən insanların mövzu ilə bağlı vermək istədikləri suallar olacaqdır. Sual-cavab hissəsini iki formada həyata keçirə bilərsiniz: səsli və yazılı formada. Əgər səsli formada olan sual-cavabdan istifadə edəcəksinizsə, qarışıqlıq olmaması üçün yalnız sual verən şəxsin mikrofonunun açıq olmasına fikir verin. Yazılı formada isə auditoriyaya beş dəqiqə vaxt ayırın və onlar soruşmaq istədikləri sualları qeyd etsinlər. Daha sonra isə 10 dəqiqə müddətində yazılan suallara cavab verməyə başlayın. Hansı metod sizin üçün daha rahatdırsa, onu tətbiq edə bilərsiniz. 


Vebinar nə zaman keçirilməlidir?

Vebinarın müddətindən başqa onun keçiriləcəyi tarix də önəmlidir. Vebinara qatılacaq insanların bir çoxunun işlədiyini və ya hər hansı bir təhsil ocağında təhsil aldığını nəzərə alaraq, onlayn seminarın keçirilməsi üçün həftə sonunun daha uyğun olacağını deyə bilərik. Əlbəttə ki, vebinarlar bizə istənilən yerdən qoşulmaq şansı verir, ancaq məktəbdə, universitetdə və ya işdə olan bir şəxsin vebinara qoşulması bir qədər çətin ola bilər. Onlayn seminarın keçiriləcəyi vaxta gəldikdə isə vebinarın saat 09:00-14:00 intervalında baş tutması vebinara qoşulacaq insanlar üçün daha uyğun olacaqdır. Çünki, həftəsonudur və insanlar öz istirahətlərinə vaxt ayırmaq və gəzintiyə çıxmaq istəyə bilərlər. Əgər vebinarı həftəiçi təşkil etmək istəyirsinisə, qoşula bilməyən insanlar üçün vebinarın video qeydini hazırlayın. Bu video qeyd sizin üçün də faydalı olacaqdır. Vebinarı bitirdikdən sonra bu video faylı izləyə və etdiyinz səhvlər üzərində işləyə və gələcəkdə daha mükəməll vebinarlar keçirə bilərsiniz. 


Vebinarımın daha böyük auditoriyalara çatması üçün nə edə bilərəm? 

Vebinara hazırlıq başlığı altında da qısaca qeyd etdiyim kimi bunun üçün təşviq kompaniyası etmək lazımdır. Təşviq kompaniyasına bir nümunəni (mail mesajlarnı) yuxarıda qeyd etmişdik. Bəs, başqa hansı üsullar var? İstifadə edə biləcəyiniz yollardan bəziləri aşağıdakılardır:

Sosial şəbəkələr: Müasir dünyada demək olar ki, hər kəs sosial şəbəkələrdən istifadə edir. Heç şübhəsiz sizin potensial izləyiciləriniz də onlar arasındadır. Bu potensial vebinar iştirakçılarına çatmaq üçün isə sosial şəbəkələrdə öz onlayn seminarınızı reklam edə bilərsiniz. Bunun üçün fərdi şəxslərlə əlaqə yarada və ya sosial şəbəkənin özündə reklam yarada bilərsiniz. 
Linkedin: Şübhəsiz ki, iş və ya təhsil ilə əlaqədər olan şəxslərin bir çoxu Linkedin-də hesaba sahibdir. Bu saytdakı istifadəçilərin sizin təşkil edəcəyiniz seminarla maraqlanma ehtimalı daha çoxdur. Ona görə də, əgər bir Linkedin hesabınız yoxdursa, dərhal açın və öz bağlantı sayınızı artırmağa çalışın.
Video təqdimat: Bir çox insan yazılı reklamları oxumaq istəmir. Belə olan halda onlayn seminarınız haqqında qısa bir tizer paylaşmaq insanların marağını cəlb edəcəkdir. 
Hədiyyə kompaniyaları: Hansımız hədiyyə kompaniyası gördükdə bununla maraqlanmırıq? Heç şübhəsiz, hər hansı endirim kompaniyları etsəniz, daha böyük auditoriyalara çatacaqsınız. 

Diqqət etməli olduğunuz digər nüanslar:
Vebinarın davametmə müddəti, keçiriləcəyi vaxt və reklam kimi mövzulardan başqa diqqət etməli olduğunuz digər amillər də var. Bu amilllərdən biri də monotonluqdan uzaq olan bir onlayn seminar təşkil etməkdir. Keçirdiyiniz onlayn seminarı izləyən şəxslərin sizinlə dialoq içində olması daha öyrədici və əyləncəli bir mühit yaradacaqdır. Bunun üçün siz onları da mövzuya cəlb etməlisiniz. Bunu necə edə bilərəm? Bunun bir neçə müxtəlif yolu var. Ən təsirli metodlardan bəziləri təqdimat zamanı qısa sorğu, anket və müzakirələr etməkdir. Burada vebinar təşkilatçısı olaraq sizin üzərinizə bəzi öhdəliklər düşür. İlk növbədə bu sorğu, anket və müzakirələr uzun müddət davam etməməlidir. Çünki bu həm insanlara sıxıcı gələcək, həm də ideal vebinar zamanı aşmağınıza səbəb olacaq. Digır amil, qarışıqlıq yaşanmaması üçün auditoriyanı idarə etməkdir. Son olaraq isə, müzakirə üçün seçdiyiniz mövzuların heç kimin həssas nöqtəsinə təsir etməyəcəyindən əmin olmalısınız. Buna görə də dini, milli və siyasi mövzulardan uzaq durmağa çalışın.

 
Vebinar üçün hansı onlayn platformalardan istifadə edə bilərəm?

Vebinarlarınızı təqdim edə biləcəyiniz birdən çox onlayn platforma var. Bu saytlar və proqramların hər biri bənzər özəlliklərə sahib olsalar da, bir-birindən fərqli kiçik xüsusiyyətlərə də sahibdirlər. Bu tətbiqlər arasında ən önəmli fərqlər ödənişli olub olmamaları, neçə nəfərə qədər iştirakçıya icazə vermələri və sairədir. Digər önəmli fərq isə video qeyd almaq imkanının olub olmamasıdır. Bir çoxumuz iştirak etdiyimiz vebinarın video qeydinə də sahib olmaq istəyirik. Çünki bəzən kiçik, amma önəmli detallar canlı izləmə zamanı gözümüzdən yayına bilir. Xoşbəxtlikdən tətbiqlərin bir çoxu bu özəlliyə sahibdir. Düzdür, istifadə etdiyiniz tətbiq bu özəlliyə sahib olmasa da, ekran qeydini ala biləciyiniz digər proqramlar var. Amma, yenə də tətbiqin özündə belə bir özəlliyin olması daha rahat istifadəyə imkan yaradır. Hansı tətbiqi istifadə etməliyəm? Bir çox fərqli tətbiq olsa da, bir çox insanın və bizim də məsləhət gördüklərimiz aşağıdakılardır:

  • GoToWebinar
  • RingCentral Meetings
  • Livestorm
  • Adobe Connect
  • Zoom Video Webinar
  • ClickMeeting
  • BlueJeans Events

Son olaraq, ümid edirik ki, bu bloqda əldə etdiyiniz məlumatlar gələcəkdə keçirəcəyiniz vebinarlarda sizə yardımçı olacaq.